Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  qəza Heydər Əliyev prospektində qeydə alınıb.

İdarəetməni itirən “Porsche” markalı avtomobilin sürücüsü,  “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb. Qəza nəticəsində sürücü və bir sərnişin yaralanıb, digər sərnişin ölüb.

TƏBİB-dən bildirilib ki, 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Hazırda onlara zəruri tibbi xidmət göstərilir.