Qatar piyadanı vurdu

16 Avqust 2023, 11:36

Bu gün səhər saatlarında Salyan rayonunun Arbatan kənd sakini S.Dadaşovanı rayon ərazisində dəmir yolunu keçmək istəyən zaman teplovoz vurub.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Heftelik.az-a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra isə S.Dadaşova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin yaydığı məlumatda qeyd olunub ki, 16 avqust saat 08:30 radələrində ADY-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonu sakini Dadaşova Sədaqət Azadxan qızı qəfil qatarın yoluna çıxıb. Maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.

Xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır: “ADY piyadaları dəmir yolu xətlərindən keçərkən mütləq şəkildə mənzillərdə quraşdırılmış xüsusi keçidlərdən istifadə etməyə çağırır!”.