“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Bu Qaydalar xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. Tanınmaya dair müraciət elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
Ərizəçinin ərizəsində tanınmanın məqsədi qeyd edilir. Ərizəçi TMİS-ə müraciət edərkən aşağıdakıları təsdiq edir:
– təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu;
– onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını.
Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir:
– ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər;
– xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi;
– tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi;
– ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış;
– akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda);
– tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.
Sənədlər (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla) Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiq olunmalıdır.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi, tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi, ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış və akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda) “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır. Bu halda tələblər aşağıdakı kvalifikasiyalara münasibətdə tətbiq edilmir:
– Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar;
– Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar;
– beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar;
– dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökümətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar.
– Ərizəçinin bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərlə yanaşı, akademik və peşə hazırlıq səviyyəsini və təcrübəsini təsdiq edən əlavə sənədlər təqdim etmək hüququ vardır.
Tanınmaya dair müraciətə baxılması proseduru da müəyyənləşib. Ərizəçinin müraciətinə sənədlər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə (TMİS) bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır.Sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya təhsil müəssisəsindən tələb olunur və ya ərizəçi tərəfindən kağız daşıyıcıda (elektron sənəd formasında) 20 (iyirmi) gün müddətində təqdim edilir.
Aşağıdakı hallar barədə ərizəçinin müraciəti Agentliyə daxil olduğu gündən 10 (on) gün müddətində ərizəçinin şəxsi kabinetinə məlumat göndərilir:
– təqdim olunmuş sənədlərdə (məlumatlarda) çatışmazlıq və ya ziddiyyət aşkar olunduqda;
– sənədlər bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun təqdim olunmadıqda;
– sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda.
Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna əsasən qaçqın və məcburi köçkün statusu olan ərizəçi tərəfindən sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməsi mümkün olmadıqda, Agentlik həmin sənədə (və ya sənədlərə) dair ərizəçinin ərizədə qeyd etdiyi məlumatlar əsasında qiymətləndirməni aparır.
Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir:
– ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması;
– ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması);
– ali təhsilə aid kvalifikasiyanın peşə tanınması;
– ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi.
Nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir.
Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir:
– nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda;
– ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;
– peşə tanınmasına münasibətdə ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.
Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir.