2022-ci ildə nəzərdə tutulmuş proqramların icrası məqsədilə Elm və Təhsil Nazirliyinə ayrılan vəsaitin əsas payı (64,9%-i və ya 2041954,1 min manatı) “Ümumi təhsil” proqramı üzrə, ən az payı isə (0,04% və ya 1144,2 min manatı) “İstedadlı uşaqlarla işin təşkili” proqramı üzrə olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
2022-ci il üçün Fəaliyyət Planının icrasına dair Elm və Təhsil Nazirliyinin təqdim etdiyi hesabatın təhlili onu deməyə əsas verir ki, Fəaliyyət Planı hazırlanarkən proqnozlaşdırılmış vəsaitlə indikator göstəriciləri arasında əlaqə zəif olub. Ayrılmış vəsaitlər demək olar ki, tam icra edildiyi halda, indikator göstəricilərinin icrası bəzi hallarda proqnozdan az, bəzi hallarda proqnozdan çox olub, bir sıra indikatorlar üzrə isə ümumiyyətlə icra olmayıb.