Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının fərdi məlumatlarının üçüncü şəxslərin əlinə keçməsinə zəmin yaradır.
Heftelik.az-ın məlumatına görə, bu barədə jurnalist Çingiz Səfərli paylaşım edib.
Çingiz Səfərli nazilriyin fərdi məlumatlarımızı üçüncü şəxslərə necə sadə bir formada ötürdüyünü faktlarla ortaya qoyub:
– Deməli, ötən gündən nazirlik musiqi, incəsənət və aşıq məktəblərinə direktor, direkor müavini və müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün qeydiyyat elan edib.
Amma, görünür, nazirlikdə bir normal İT mütəxəssisi olmadığından qeydiyyatın aparılması üçün “jotform.com” adlı bir platforma üzərindən form tərtib ediblər.
Bu formun doldurulması üçün vətəndaşlıq vəsiqəsinin fin kodu da daxil olmaqla bir sıra fərdi məlumatlar tələb olunur.
Beləliklə, nazirlik vətəndaşların fərdi məlumatlarının üçüncü şəxslərin əlinə keçməsində vasitəçi rolunu oynayır.
O qədər resursa malik olan bir nazirlik öz serveri üzərində normal bir qeydiyyat formu belə yarada bilmirmi?
Mədəniyyət Nazirliyinin bu işi açıq-aşkar cinayətdir və nazirlik məsuliyyətə cəlb olunmalıdır.
Test məqsədilə nazirliyin düzəltdiyi forma uyğun şəkildə özüm də balaca bir form düzəltdim. Əlavə vaxt sərf dizaynın tam da uyğunlaşdırılmasına çalışmadım, amma onu da etmək mümkündür. Belə çıxır ki, istənilən bir şəxs pulsuz belə bir şey hazırlayıb nazirliyin adından insanların məlumatlarını ələ keçirə bilər. Və bunun da günahkarı elə nazirliyin özüdür.
Nazirliyin qeydiyyat formu: https://form.jotform.com/232192872909465
Bu da mənim əl əməyimin nəticəsi: https://form.jotform.com/232291617259056