Ermənistanın, separatçıların və erməni lobbisinin beynəlxalq ictimaiyyəti aldatma cəhdləri növbəti dəfə puç oldu. Son günlərdə Erməni lobbisinin maliyyə dəstəyi ilə bəzi xarici media qurumlarında Azərbaycanın yaratdığı “blokada” və “soyqırımı” təhlükəsi ilə bağlı yazılar tirajlanırdı. Ermənilər məzlum xalq obrazı yaradaraq, ictimaiyyət və beynəlxalq təşkilatlar üçün rəy formalaşdırmağa çalışdılar. Amma məsələ budur ki, artıq 1990-cı illər deyil. İndi dünyaya informasiyanı, mövcud reallıqları müxtəlif formalarda çatdırmaq və göstərmək imkanları var. Əvvəllər erməni yalanlarını dünyaya çatdırmaq gücümüz və imkanımız olmasa da, indi həm diplomatik, həm də texniki göstəricilərimiz kifayət qədərdir. Azərbaycan regionda baş verən hadisələri izləyəcək texniki qurğulara və eyni zamanda, bu məlumatları çatdıra biləcək gücə sahibdir.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında ermənilər və onların havadarlarının növbəti şou yaratmaq cəhdi uğursuzluqla nəticələndi və Ermənistan bu dəfə də diplomatik masada şok yaşadı. Ermənistanın xarici işlər nazirinin ölkəmizə qarşı səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirlər marionet ölkənin növbəti beynəlxalq fiaskosu ilə yadda qaldı.
Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəmizi “humanitar fəlakət” yaratmaqda və bunun fonunda Xankəndidə guya ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan ittihamları səsləndirdi. Mirzoyanın TŞ-nın tribunasındakı çıxışı tam böhtan və yalan üzərində qurulmuşdu. Sonrası “humanitar fəlakət” Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, əsl humanitar fəlakət Ermənistanın bütün ərazisində yaşanır. İşsizlik, əhalinin sosial durumunun acınacaqlı olması, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması fəlakət deyilmi? Statistika da vəziyyətin dəhşətli olduğunu göstərir, vətəndaşlar ölkədə hökm sürən bu ağır durumla əlaqədar Ermənistanı kütləvi şəkildə tərk edirlər və bu proses hazırda daha geniş miqyas alıb.
Ermənistanın sülh gündəliyinə sadiq olmaması və beynəlxalq tribunalarda Azərbaycanı şantaj etməyə çalışması BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə daha qabarıq görünürdü. Azərbaycan tərəfinin tutarlı və dəqiq arqumentləri Ermənistanın “humanitar böhran”, “blokada” kimi növbəti siyasi manipulyasiya cəhdini iflasa uğratdı.
Azərbaycan beynəlxalq hüququn, BMT Nizamnaməsinin verdiyi imkanlardan istifadə edərək 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını azad etdi. Bütün bunlar da onu göstərir ki, ədalət, beynəlxalq hüquq güclə təmin olunur. Bu gün regionda Azərbaycan siyasi, iqtisadi və hərbi gücə malikdir. Azərbaycan dövləti və xalqı bütün dünyaya sübut etdi ki, ərazisində separatizmin davam etməsinə imkan verməyəcək. Dövlətimiz bütün bu imkanlara malik olmasına baxmayaraq, regionda sülhün yaranmasında, çoxillik münaqişənin bitməsində maraqlıdır. Ona görə sülh danışıqlarını davam etdirir və ərazisində yaşayan erməni əsilli şəxslərin reinteqrasiyasına çalışır. Ermənistanın “humanitar” şousunun əksinə olaraq, erməni əsilli şəxslərin ehtiyaclarını təmin etməyə hazır olduğunu bildirir. Amma təəssüflər olsun ki, qarşı tərəf yenə yalan və saxta ittihamlarla çıxış edərək ölkəmizə qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Ərazimizdə separatizmin davam etməsində maraqlı olan Fransa, Rusiya və İranın dəstəyi ilə ermənilər yenidən təşkilatlanaraq, münaqişəni alovlandırmağa nail olmaq istəyirlər. Amma anlamırlar ki, daha hay-küy salmaqla reallığı dəyişə, diplomatiyanı və hərbi gücü üstələyə bilməzlər. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi qurmaq, orada keçid rejimi müəyyən etmək və tənzimləmək Azərbaycanın müstəsna hüququdur. Buna görə də dövlətimiz kimdənsə icazə almayaraq tədbirlər görməyə davam edir. Azərbaycanın Ermənistandan gələn yüklərin və nəqliyyat vasitələrinin haradan keçməsinə icazə verməsini kimləsə müzakirə etmək fikri yoxdur.
BMT Təhlükəsizlik Şurasının iclasında Laçın-Xankəndi yolunun “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”la bağlı müzakirələrdə Ermənistan növbəti dəfə məğlub oldu və müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə başa çatdı. Beləliklə, Vətən müharibəsində olduğu kimi, diplomatik masada da qalib Prezident İlham Əliyevin lideri olduğu Azərbaycandır. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində yürütdüyü mükəmməl siyasi kurs ölkəmizin diplomatik uğurunun təminatına çevrilib. Bu təminatla Azərbaycanın beynəlxalq aləmdə üstün mövqeyi ilə seçilir, ölkəmizin qlobal nüfuzu gündən-günə artır.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü