Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb.

Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb: “Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfimizdən məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib.

Qeyd edirik ki, mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir”.