Ölkədə 2000-2017-ci illərdə 12 ədəd, 2018-2019-cu illərdə 8 ədəd, 2020-ci ildə isə 7 ədəd balıqartırma müəssisəsi olub ki, hazırda bu müəssisələrdən 3-ü aktiv fəaliyyət göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Fəaliyyətləri iqtisadi cəhətdən səmərəli hesab edilməyən, mövcud maddi-texniki bazası istehsalat göstəricilərini yerinə yetirməyə imkan verməyən 4 balıqartırma müəssisəsinin istehsal fəaliyyəti dayandırılıb və onlar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.07.2016-cı il tarixli 1003 nömrəli Fərmanı ilə özəlləşdirməyə açıq elan edilib. “İstehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının saxlanılması” tədbiri üzrə 4 ədəd balıqartırma zavodunun saxlanılmasına 2022-ci ildə 143,4 min manat vəsait sərf edilib ki, bu da əvvəlki illərdə olduğu kimi istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi və uzun müddətdir özəlləşdirməyə açılmasına baxmayaraq vəziyyətin dəyişməz qalması ölkədə balıq sənayesi infrastrukturunun inkişafına mənfi təsir etməklə yanaşı dövlət büdcəsinin yükünü (xərcini) artırır.
Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 19.07.2016-cı il tarixli 1003 nömrəli Fərmanına uyğun 4 balıqartırma müəssisəsi üzrə özəlləşdirmənin gecikməsinin səbəblərinin araşdırılması və özəlləşdirilməsi mümkün olmayan müəssisələrin “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu” və digər maliyyə mənbələri hesabına maliyyələşdirilərək istehsalın bərpasının təmin edilməsi istiqamətində təsirli tədbirlərin görülməsi zəruridir.