“Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb.
Heftelik.az-ın “Baza” teleqram kanalına istinadən verdiyi məlumata görə, “Embraer” tipli təyyarə Rusiyanın Tver vilayətində yerə çırpılıb.
Təyyarədə 3 pilot, Yevgeni Priqojinlə bərabər 7 sərnişin olub. Təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Rusiya Fövqəladə Hallar Nazirliyi qəzada 10 nəfərin öldüyünü açıqlayıb.
Zaporojye vilayəti administrasiyasının nümayəndəsi Vladimir Roqov Yevgeni Priqojinvə “Vaqner”-in tanınmış komandirlərindən Dmitri Utkinin qəzada öldüyünü bildirib.
Şahidlər qəzadan əvvəl havada təyyarədə iki dəfə partlayış olduğunu bildiriblər.
Qeyd edək ki, Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu “Vaqner” Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. İyunun 24-də Rostovdan Rusiya sərhədini keçən Priqojin və ordusu Voronej və Lipetsk vilayətinə daxil olaraq Moskvadan 200 km məsafəyə qədər irəliləyib. Səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edərək, Priqojinin hərəkətini satqınlıq və xəyanət, baş verənləri hərbi qiyam adlandırıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojin Moskva istiqamətində yürüşü dayandırıb. O, bunu qan tökülməməsi üçün etdiyini və “Vaqner”in Ukrayna cəbhəsində dislokasiya olunan yerlərinə qayıtdığını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, “Vaqner” üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.
Ancaq bir çox müşahidəçilər Putinin Priqojinin xəyanətini heç bir halda bağışlamayacağını bildirirdilər…