“Strateji hədəf 3. Ölkə ərazisində meşəlik faizinin artırılması” bölməsi çərçivəsində 2022- ci ildə “Meşə fondunun sahəsi” 1213,7 min hektar və ya 2021-ci ilin faktiki göstəricisi ilə eyni olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
“Meşə fondunun meşə ilə örtülü sahəsi” 1033,9 min hektar və ya əvvəlki illə müqayisədə 0,9 min hektar çox olmuşdur ki, qeyd edilən göstəricilər müvafiq sahədə fəaliyyət tədbirlərinin daha mütərəqqi üsulla həyata keçirilməsini zəruri edir.
Qeyd edilməlidir ki, meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq “Məqsəd 15: Torpaq ekosisteminin mühafizəsi“ Dayanıqlı İnkişaf Məqsədinin əsas prinsipi kimi müəyyən edilmişdir. Dayanıqlı meşə idarəetməsini maliyyələşdirmək üçün bütün mənbələrdən bütün səviyyələrdə əhəmiyyətli miqdarda resurslar cəlb etmək və inkişaf etməkdə olan ölkələri bu cür idarəetməni, o cümlədən meşələrin qorunması və meşəbərpa işini inkişaf etdirmək üçün adekvat dəstək mexanizmləri ilə təmin etmək hədəflənir.