Bir ailənin 3 üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Təqsirləndirilən şəxs özünü ittihamla təqsirli bilməyib.
Daha sonra prosesdə ifadə verən zərərçəkmiş Elbrus Ağalarov bildirib ki, həmin gün axşam 6-da işdən çıxıb babasıgilə gedib: “Qapı açıq idi. Həyətə girdim ki, yerdə bir nəfər uzanıb, yaxınlaşıb gördüm babam, qan içindədir. Telefonu çıxardım ki, zəng edəm, arxadan başıma zərbə endirildi, yıxıldım. Ayağa durdum ki, bir nəfər qaçır. Qaçıb bunu arxadan tutdum, soruşdum kimsən? Həmin adam maskada idi, çönüb boğazımdan tutdu. Gördüm məni öldürmək istəyir. Dedim ki, burax məni, arxanca gəlməyəcəm. Məni buraxıb qaçdı. Ayağa qalxıb babamın yanına qaçdım, gördüm ölüb. Qaçdım içəri, gördüm nənəm qan içindədir, dayım da zarıyır. Tez qaçdım qonşulara xəbər verdim”.
Zərərçəkmiş bildirib ki, hadisədən 10 gün əvvəl evdən oğurluq edilib: “Nənəm bu barədə polisə müraciət etmişdi. Sonra şikayətini geri götürmüşdü”.
Proses oktyabrın 20-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.