Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır ki, bu ölkə ərazisinin 11,8%-ni təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Bu göstərici Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39%-dir. Ölkəmizdə adambaşına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Prinsip olaraq meşələrin sahəsi ölkə ərazisinin 20%-dən azdırsa, belə ölkələr meşə təminatına görə birinci qrupa aid edilir və bu ölkələrdəki meşələrdə yalnız sanitar qırımlara icazə verilir.
“Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondu”nun vəsait qalığı 01.01.2022-ci il tarixinə 7,9 mln. manat, 2022-ci ilin sonuna isə 13,4 mln. manat təşkil etmişdir ki, bu da resurslardan səmərəli istifadə edilməklə bu sahədə tədbirlərin gücləndirilməsini şərtləndirir.