Bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu gün Ermənistan bununla bağlı nə qədər oyunbazlıq etsə də onlar bununla barışmaq məcburiyyətindədir. Təbii ki, Ermənistan adəti üzrə hay-küy salaraq Azərbaycanı erməniləri blokadaya alması kimi sərsəm fikirlər yürüdür və himayədarları da bu və ya digər şəkildə onların səsinə səs verir. Anlamırlar ki, bu kimi görüntüləri ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edirlər ki, bu cəhdlər də artıq öz effektini itirib. Beynəlxalq aləm də bilir və qəbul edir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Odur ki, Ermənistan və himayədarları burunlarını daxili işlərimizdən çəksələr yaxşıdır.
26 avqust – Laçın şəhəri günündə Azərbaycanın suveren ərazi bütövlüyünün bərpası ilə bağlı açıqlamasında Prezident İlham Əliyev deyib: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Bu gün Azərbaycan öz sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı bütün gərəkən işləri görür və dövlət təhlükəsizliyinin pozulmasına yönəlik bütün təhdidlərə cavab vermək əzmindədir. Ermənistan və himayədarları daha çox Qarabağda qanunsuz yerləşdirdikləri erməni silahlı birləşmələrinin ordumuz tərəfindən çıxarılmasından, eyni zamanda separatçıların tərksilah olunmasından narahatdılar.
Prezident İlham Əliyev özü də hər çıxışında vurğulayır ki, – “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Ölkə başçımızın bu söylədikləri Ermənistanı qane etmirsə, bu artıq onların öz problemidir. Azərbaycan öz siyasətini hansısa erməni rəhbərlərinin, hansısa erməniyönümlü himayədarın maraqları çərçivəsində yürütmək fikrində deyil”.
Bu gün Azərbaycan elə bir uğurlara imza atır ki, artıq Ermənistan öz çirkin niyyətləri ilə onun üzərinə kölgə sala bilməz. Cəhdlər edəcək, amma boş çıxacaq. Çünki Azərbaycan əldə etdiyi uğurlarla, qələbə ilə kifayətlənməyəcək, daha güclü dövlətə çevrilmək üçün bütün gücünü ortaya qoyacaq. 44 günlük Vətən müharibəsindən sonra biz ancaq hərbi-siyasi qələbəmizin sevinci ilə geri aldığımız torpaqlarımızda quruculuq işlərimizi aparırıq, insanlarımız öz yurd-yuvalarına qayıdır, Qarabağa isti nəfəs gəlir. Bir sözlə bu sevincimizi, böyük qələbəmizi itirmək fikrində deyilik. Əksinə, cənab Prezidentimizin qətiyyətli addımları ilə daha böyük uğurlara doğru irəliləyirik.

Asəf Almədətov

Psixoloq