Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə gediş-gəlişinə şərait yaradılıb
Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan ərazilərində bir sıra qanunsuz fəaliyyətlər göstərmişdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə ki, bununla bütün dünya azərbaycanlıları qürurlu anlar yaşadı. Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır, Böyük Qayıdışa start verilib. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək sərhədlərinin nəzarətini yüksək səviyyədə həyata keçirir. Bu baxımdan tarixi hadisə olaraq Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını da qeyd etmək olar. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağda təhlükəsizliyin qrantıdır. Prezident İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib ki, Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. “Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”, – deyə dövlətimizin başçısı qeyd edib.
Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında qeyd olunur ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib: “Məlum olduğu kimi, üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar”.
Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Xankəndi yolundan minalar daşıyaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması faktları qeyd edilmişdir. Həmçinin Üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə Ermənistana məxsus yük avtomobilləri ilə hərbi sursatların daşınması müşahidə olunmuşdur. “Laçın” sərhəd-buraxılış məntəqəsi də məhz bu kimi təhdid və təxribatların qarşısının alnması məqsədi ilə qurulmuşudur. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Azərbaycan Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə və təhlükəsizliyinə tam zəmanət verir. Bu gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə gediş-gəlişinə şərait yaradılıb. Hətta Azərbaycan tərəfi Ermənistanı birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa dəvət edib. Bunun əksinə olaraq Ermənistan hərbi təxribatlara əl atır. Məsələn, 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanmışdır. Bu kimi hallar bir neçə dəfə təkrarlanıb. Azərbaycan dövləti rəsmən belə təxribatları qətiyyətlə pislədiyini bəyan etmişdir. Azərbaycan dövləti tərəfindən dəfələrlə Ermənistanı bu təxribatçı əməllərdən çəkinmək üçün çağırış edilib. Çünki bununla Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz etmiş olur.
Azərbaycan Ermənistanın istənilən hərbi təxribatlarının qarşısını almaq gücünə malikdir. Azərbaycanın məqsədi erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiya olunmasıdır. Ermənistan tərəfi Azərbaycanın bu məqsədinə də mane olmaq istiqamətində uğursuz cəhdlər edir. Göründüyü kimi, Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərini davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin bu kimi təxribatlarını qətiyyətlə pisləməlidir.
Gülzar İbrahimova
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,
siyasi elmlər üzrə elmlər doktoru, professor