Uşaq musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsini aparan Mədəniyyət Nazirliyi yarım-yamalaq onlayn qeydiyyat formu ilə namizədlərin müsahibə mərhələsinə qeydiyyatını yekunlaşdıra biləcəkmi?

Müsabiqənin ilkin mərhələsini (test imtahanını) Dövlət İmtahan Mərkəzi ilə birgə aparan nazirlik öncədən DİM-dəki nəticələri sisteminə inteqrasiya etmədiyindən görünür ki, hələ də məlumatları emal edib başa çatdıra bilməyib. Halbuki qeydiyyat mərhələsinin avqustun 25-də başa çatıb və bu hesabla nazirlik namizədləri müsahibənin yeri və vaxtı barədə məlumatlandırmalı idi.

Bu qeydiyyat forması ilə o məlumatların emalının da o qədər asan olmayacağı bəllidir. Çünki nazirliyin təklif etdiyi qeydiyyat formuna əsasən imtahanın test mərhələsindən keçən, balı Bakı, Abşeron və Sumqayıta düşən və ya düşməyənləri ayırd etmək çox çətindir.

Çünki 30-49 bal toplayan da, 49-dan yuxarı bal toplayanlar da 49+ variantı üzərindən istənilən vakansiyanı seçmiş ola bilərlər. Bu da nazirlik üçün işləri bir xeyli qəlizləşdirir. İndi kimlərin həmin vakansiyaya uyğun olduğunu, kimlərin uyğun olmadığını müəyyənləşdirmək üçün Dövlət İmtahan Mərkəzindən balları istəyib bir-bir uyğunlaşdırmalıdırlar ki, bu da xeyli vaxt aparacaq. Hətta bir namizədin qeydiyyat  forması üzərindən bir neçə müraciət göndərdiyini də nəzərə alsaq, Mədəniyyət Nazirliyinin öz işini birə beş çətinləşdirdiyini bilmək elə də qəliz deyil.

Halbuki nazirlik öncədən öz saytı üzərindən xüsusi qeydiyyat formu yaratmış olsaydı və Dövlət İmtahan Mərkəzindən əldə etdiyi nəticələri bu sistemə inteqrasiya etsəydi, o zaman namizəd fin kodu ilə qeydiyyatdan keçərkən onun yığdığı bal avtomatik olaraq şəxsi səhifəsində görünəcək və yalnız bu bala əsasən təklif olunan vakansiyaları seçə biləcəkdi.

İndiki halda Mədəniyyət Nazirliyi ya müsahibə mərhələsi üçün apardığı qeydiyyatı ləğv etməli olacaq, ya da əməkdaşlar gecəsini gündüzünə qataraq daxil olmuş məlumatları bir-bir emal etməli olacaqlar. Belə olan halda da nazirlik heç bir namizədi qeydiyyatdan düzgün keçmədiyinə görə ittiham edib müsahibə mərhələsindən kəsə bilməyəcək. Çünki bu, namizədlərin yox, nazirliyin səhvidir.

… Yeni tədris ilinin başlamağına qısa bir müddət qaldığını və hələ də müsabiqənin yekunlaşdırılmadığını, müsabiqədən keçmiş namizədlərin sənəd qəbulunun də bir xeyli uzanacağını nəzərə alsaq, yeni müəllimlər üçün tədris ilinin oktyabr-noyabr aylarında başlayacağı proqnozunu vermək elə də çətin deyil.