Heftelik.az Kulis.az-a istinadən Nihat Pirin “Вагиф Мустафаев, yoxsa Vaqif Mustafayev?” adlı yeni yazısını təqdim edir.

Dünən Vaqif Mustafayevin 70 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi Nizami Kino Mərkəzində rejissorun yubileyini təntənəli formada qeyd edirdi. Gecədə yerli kino cameəsi ilə yanaşı, xarici qonaqlar da kifayət qədər idi. Bu da təsadüfi deyil, çünki Vaqif Mustafayevin rejissor imzası bütün bu təsadüflərin üzərindən xətt çəkir.

Vaqif Mustafayev jurnalistlərə açıqlamasında xüsusi bir əda ilə (və layiqli əda ilə) qeyd elədi ki, zala baxanda və tamaşaçı sevgisini hiss edəndə bir daha əmin olur ki, ömrünü kinoya həsr eləməyinə dəyərmiş.

Yazının məqsədi Vaqif Mustafayev yaradıcılığı və kinoya töhfəsi məsələsi deyil. Ona görə də sənətkara bundan sonrakı yaradıcı ömrü üçün can sağlığı arzu edib keçirəm mətləbə.

Yazı, əslində, buradan başlayır: Azərbaycanın mərkəzində azərbaycanlı kinorejissorun Azərbaycan tamaşaçısına göstərilən filmi rus dilində idi.

Mən bir qələm əhli olaraq, dil bilgimin yalnız kitab oxuyacaq səviyyədə türkcədən o yana keçə bilmədiyi üçün hər zaman məyus oluram. Bu da mənim öz günahımdır. Vaxtında özümü əziyyətə salıb, heç olmasa, ingilis dilini (rus yox, məhz ingilis) öyrənməyim bu gün üçün xeyli karıma gələrdi ki, səd-əfsus. Amma Vaqif Mustafayev hər şeydən və hər kəsdən öncə, birinci növbədə, mənim (intellektual oxucu buradakı “mən”in üzərində çox dayanmayacaq, əlbət) rejissorumdur. Yəni Vaqif Mustafayevin Azərbaycan sərhədlərindən kənarda tanınması, keçmiş SSRİ ölkələrində kifayət qədər nüfuza malik olması, post-sovet ölkələrindən dostlarının olması və ən nəhayət, həmin kəslərin dünənki gecədə zalda bərqərar olması yenə də filmin rus dilində nümayiş olunmasına haqq qazandırmır.

Necə olur ki, Azərbaycanın Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, üstəlik, ad günündə ikinci dərəcəli “Əmək” ordeni ilə mükafatlandırılan Vaqif Mustafayevin yubiley gecəsinin böyük bir qismi rus dili üzərində qərar tutur?

Vaqif Mustafayev məgər rusdur?

Vaqif Mustafayev məgər Rusiyanın Xalq artistidir?

Vaqif Mustafayev məgər rus tamaşaçısının önündə idi və rus tamaşaçısına baxıb “Ömrü filmə həsr eləməyə dəyərmiş” deyirdi?

Yox!

Bəs onda Azərbaycan tamaşaçısına, Azərbaycan dilinə bu qədər hörmətsizlik nədən qaynaqlanır?

Onsuz da ölkədəki kinoteatrların Azərbaycan dilinə sayğı-dəyəri ortadadır. Görünən kəndə bələdçi gərək deyil. Amma mən şəxsən sırf bu hörmətsiz situasiyaya görə heç bir filmə gedib kinoteatrda baxmıram.

Amma dünənki gecənin altında iki dövlət qurumunun imzası var idi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi.

Amma dünənki gecə Azərbaycan kinosunun ən ciddi imzalarından birinə həsr olunmuşdu və dünənki gecədə məhz rus dilində nümayiş olunan film Azərbaycan və Azərbaycan həqiqətlərindən bəhs edirdi.

Yubileydə təkcə filmin rus dilində nümayişi ilə kifayətlənmədik. Mustafayevin post-sovet ölkələrindən olan dostları (məclisdə iştirak edə bilməyənlər) ona təbriklərini videoçarx vasitəsi ilə edirdilər ki, bütün bunlar da məhz rus dilində (!) idi.

Mustafayevin sənət dostu, Gürcüstanın Xalq artsiti Avtandil Maxaredzə 21 dəqiqəlik çıxışını da, – bonus olaraq, deyəsən, Vaqif Mustafayevə həsr elədiyini şeiri (diqqətli oxucu burada da “deyəsən”in üzərində çox dayanmayacaq) , – məhz rus dilində edirdi.

Ağzına qədər azərbaycanlı tamaşaçı ilə dolu olan zalın bir tərəfi gülür, bir tərəfi susur.

Ağzına qədər azərbaycanlı tamaşaçı ilə dolu olan zalın bir tərəfi rus dilində başa düşür, bir tərəfi yox.

Ağzına qədər azərbaycanlı tamaşaçı ilə dolu olan zalın bir tərəfi Azərbaycan adlı ölkədə Azərbaycanın Xalq artistinin Azərbaycan haqqında olan filminin rus dilində nümayişindən məmnundur, bir tərəfi yox.

Yekun olaraq, ağzına qədər azərbaycanlı tamaşaçı ilə dolu olan zal bu biabırçı situasiyanı baykot eləmirsə, onda elə bizə bu da azdır.