Diplomatik korpusun nümayəndələri ilə birgə 15 avqust səfərimizdə Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyətinin olduğuna şahid olmuşduq.

Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib ki, təəssüflər olsun ki, bu müddət ərzində yenə də siyasi manipulyasiyalarla Ermənistan və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki yaratdığı və bu günə qədər dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən bu yolun açılmasına imkan verilmir: “Azərbaycan tərəfindən dəflərlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir, bu yol vasitəsilə istənilən yükün çox qısa müddətdə Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtina edilməsini rasizm və diskriminasiya kimi qiymətləndiririk”