Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

Heftelik.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.

Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.