Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası Prezident Salome Zurabişvilinin impiçment proseduruna başlandığını elan edib.

Heftelik.az-ın məlumatına görə, bu barədə partiyanın rəhbəri İrakli Kobaxidze bildirib.

“Gürcüstan Konstitusiyası onun pozulmasına cavab vermək üçün yeganə effektiv hüquqi mexanizm – impiçmenti nəzərdə tutur. Dünən və srağagün biz dəfələrlə qeyd etmişik ki, konstitusiyanın kobud şəkildə pozulmasına baxmayaraq, indiki siyasi şəraitdə impiçment prosedurunu başa çatdırmaq mümkün deyil. İmpiçment 100 parlamentarinin dəstəyini tələb edir və buna görə də radikal müxalifətin səsi olmadan onun həyata keçirilməsi perspektivi yoxdur. Lakin buna baxmayaraq, partiyanın Siyasi Şurasının iclasında biz Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik”, – deyə Kobaxidze brifinqdə bildirib.

Qeyd edək ki, Zurabişvili hökumətin rədd etməsinə baxmayaraq, avqustun 31-də Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşlər keçirməyə gedib. Hakim partiya daha əvvəl bildirib ki, bu, konstitusiya pozuntusudur və bu, Gürcüstan prezidentinin impiçmenti üçün iki əsasdan biridir.

Prezidentin impiçmenti üçün bütün parlamentin 2/3-nin razılığı lazımdır. Parlament çoxluğunun cəmi 84 mandatı var, impiçment üçün isə 100 yer lazımdır.

2023-cü ilin payızında Gürcüstan prezidenti İsveçrə, Polşa, Belçika, Bolqarıstan, Danimarka, dekabrda isə Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səfər etməyi planlaşdırır. Ona bütün səfərləri hökumət tərəfindən rədd edilib.

Avqustun 31-də Zurabişvili almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.