Azərbaycan Sambo və Kikboksinq Federasiyalarının sabiq vitse-prezidenti Səbuhi Rəcəbin (Vaqifoğlu) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Səbuhi Rəcəb 7 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək onlara qarşı 341 min manatlıq dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, həbs qətimkan tədbiri seçilib.

Səbuhi Rəcəb 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləyib. O, 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub. Səbuhi Rəcəb 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.