Aleksey Reznikov Ukraynanın müdafiə naziri postunu tərk edib.

Heftelik.az-ın məlumatına görə, Prezident Volodimir Zelenski sentyabrın 3-də axşam müraciətində Reznikovun əvəzinə müdafiə naziri postuna hazırda Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edən Rüstəm Umerovun təyin edilməsini təklif edib.
“Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim. Aleksey Reznikov 550 gündən çox genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formalarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir. Mən parlamentin bu namizədi dəstəkləyəcəyini gözləyirəm”, – Zelenski bildirib.
Rüstəm Umerov Krım tatar əsilli ukraynalı iş adamıdır. O, “Krım tatarları icması” ictimai təşkilatının yaradıcılarından biri, həmçinin Krım tatar xalqının lideri Mustafa Cəmilevin müşaviri olub. 2019-cu ildə Umerov Ali Radanın deputatı olub. O, 2022-ci ildən Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edir.
Oleksiy Reznikov 2021-ci ilin noyabrından Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik edirdi.
İlk dəfə Reznikovun istefası ilə bağlı məlumatlar 2023-cü ilin əvvəlində Ukraynada korrupsiya qalmaqallarına görə bir neçə yüksək rütbəli məmur, o cümlədən müdafiə nazirinin müavinlərinin işdən çıxarılmasından sonra ortaya çıxıb.