Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə 13 avqust 2023-cü ildə keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub.
DİM-dən Heftelik.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı Qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının tərtibatı ilə əlaqədar fikir ayrılığı yarandığı üçün ekspertlərin yekun rəyinə əsasən etalonda götürülmüş cavabların düzgün hesab olunması şərti ilə digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib. Beləliklə, BA vəzifə qrupu A variantı üzrə 55 saylı və B variantı üzrə eyni məzmunlu 49 saylı tapşırığın cavabını “1, 2, 4” qeyd edən namizədlər də həmin sualı düzgün cavablandırmış hesab ediliblər.
İmtahanda istifadə olunan digər test tapşırıqlarının məzmununda heç bir elmi-metodiki qüsur aşkar olunmayıb.
Qeyd: Namizədlər müvafiq dəyişikliklə DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.