Ucar rayonunda Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib.

Heftelik.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rahib Bürcəliyev 2022-2023-cü tədris ilində qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışıb. Belə ki, rayonun ümumtəhsil məktəblərini bitirən 676 məzundan 253 nəfəri ali məktəblərə daxil olub. Onlardan 27 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.

Tədbirdə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllimləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda yüksək bal toplayan tələbələrə xatirə hədiyyələri təqdim edilib.