Kütləvi davada 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Xəyal Rəhimovun anası Gülayə Rəhimova çıxış edib. O bildirib ki, hadisənin səbəbkarı oğlunun dostu Orxan adlı şəxsdir: “Orxan bu adamlardan narkotik vasitə alırmış. Oğlum Xəyal hadisə vaxtı nə içkili olub, nə də əlində bıçaq olub. Həmin gün təxminən axşam saat 9-da Xəyal evdən çıxaraq maşınla bir az dolaşacağını deyib. Orxanla təqsirləndirilən şəxslər arasında dava olanda Xəyal da onunla birlikdə söhbəti aydınlaşdırmaq üçün gedibmiş. Məhkəmədən təqsirləndirilən şəxslərin ən ağız cəza almalarını xahiş edirəm”.

Təqsirləndirilən şəxslər Ceyhun və Ramin İsayevlərin anası İlahə İsayeva da şahid qismində ifadə verib.

O bildirib ki, digər təqsirləndirilən şəxsdə onun evində kirayədə yaşayıb: “Həmin gün hamımız yatmışdıq. Çöldən səs eşitdik. Biz çölə çıxanda Orxanın söyüş söydüyünü, Xəyalın da onun yanında olmasının şahidi olduq. Mən onları sakitləşdirməyə çalışdım. Daha sonra Oğlanlarım Ceyhun və Ramin, eləcə də Rauf dalaşdılar. Daha sonra Xəyalgil getdilər. Artıq bir neçə dəqiqədən sonra 7-ə yaxın naməlum şəxs evimizə hücum etdilər. Onların hər birinin əlində soyuq silah hesab edilən dəmir dəyənək gördüm. Hadisə vaxtı mən kimin ölməsinin və ya bıçaqlanmasının şahidi olmamışam”.

Şahid qismində zərərçəkmiş şəxs, mərhum İlkin Rzayevin keçmiş həyat yoldaşı Nərmin Fətəliyeva dindirilib. O bildirib ki, hadisədə adı hallanan qardaşı Orxanın heç bir günahı yoxdur: “Hadisə zamanı yoldaşım İlkin Rzayevə Xəyaldan zəng gəldi. Onu “Kosmos” deyilən əraziyə çağırıb. Ancaq Xəyal İlkini davaya çağırması barədə məlumat verməyib”.

Bundan sonra prosesdə tərəflər arasında dava düşüb. Hakim bu səbəbdən məhkəməni təxirə saldığını elan edib.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra R.Hüseynov, C.İsayev və qardaşı R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.