İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsinin hüquqları məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
– təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
– cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək;
– vəsatət vermək;
– cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək;
– təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda İstintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlər vermək;
– təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək.