“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini icra edən birinci vitse-prezident Samir Rzayevin ilk addımı məlum olub.
Heftelik.az-ın məlumatına görə, Samir Rzayevin göstərişi ilə hava limanı ərazisində minik avtomobillər üçün parklanma qiymətini qaldırıb.
Bu barədə yeni qiymətlərin “şahidi” olan jurnalist Emil Quliyev paylaşım edib. Jurnalist yazıb ki, AZAL-ın təzə rəhbərliyi islahatlara “parkovka”-dan başlayıb: “Standart 24 saat üçün 5 manatın üstünə hər yeni gün üçün 15 manat təyin ediblər. Nə gözəl…”.
Qeyd edək ki, sentyabrın 1-də Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
Xatırladaq ki, ötən həftə Samir Rzayev Milli Məclisin bir qrup deputatı ilə görüşmüş, AZAL-ın 30 təyyarədən ibarət hava donanması və iki təyyarəli park yaratmaq niyyətini bəyan etmiş, sərnişinlərin şikayətləndiyi aviabiletlərin qiymətinin azaldılıb-azaldılmayacağı barədə isə konkret fikir bildirməmişdi.
Görüşün və görüşün fonunda Samir Rzayevin mediada geniş reklamı aparılmışdı…