Sabiq baş nazir Novruz Məmmədov RTV-yə müsahibəsində sensasion açıqlamalar verib.
Heftelik.az-ın məlumatına görə, Novruz Məmmədov Baş nazir vəzifəsində çalışarkən, bir çoxlarının onunla əlaqə qurmaq istədiklərini bildirib.
“Mən vəzifədə olanda dostluq etməmişəm. Yaxşı münasibətim olan adamlar da, olmayanlar da var idi. Administrasiyada işləyəndə də dosqlu əlaqələri qurmamışam. Fikirləşmişəm ki, bu əlaqələrin xeyri olmaz. Mənimlə əlaqə qurmaq istəyənlər isə çox idi, gəlib diz çökənlər də olmuşdu. Bu dəqiqədə də orada oturanları var. Özü də nə sözlərlə, nə ifadələrlə gəlirdilər, onu bircə özüm bilirəm”.
Baş nazir vəzifəsində olarkən, şəxsi xahişləri nəzərə alıb-almaması barədə suala isə N.Məmmədov belə cavab verib:
“Şəxsi xahişlər elə də çox olmurdu. Bir-iki nəfər vardı, heç yaxınıma qoymurdum gəlsin. Deyirdim ki, siz bura gəlməyin. O adamlar bir az kənardaydı.
Yəni, xahiş eləyənlər çox olmurdu. Onlar bilirdilər ki, mən eləyən deyiləm. Başqa yollarla həll edirdilər. Mənim 4-5 müavinim var idi. Yəqin onlardan xahişlərini edirdilər. Hətta o işlərlə məşğul olanlardan birini işdən çıxardım.”
N.Məmmədov Nazirlər Kabinetində bəzi şəxslərin nazirlərdən haqq tələb etdiyini də bildirib:
“Nazirlərdən aylıq haqq alanlar vardı. Bütün nazirlərdən. Mən gələndən sonra onu çağırıb dedim ki, ya ərizəni yaz, ya da cəza tədbiri kimi işdən çıxartdıracam. Sakitcə ərizəsini yazıb işdən çıxdı. Bir-iki nəfər idilər, biri əsas idi. Bütün nazirlərin hamısına haqq qoymuşdu. Alırdı”.