Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və tabeliyində olan qurumlar üzrə dövlət əmlakının, o cümlədən əsaslı vəsait qoyuluşlarının istifadə və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəzarət tədbiri 2020-2022-ci illəri əhatə edib.
Dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik və şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən 2020-ci ildə 92 halda, 2021-ci ildə 88 halda, 2022-ci ildə isə 96 halda hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib.
Auditin nəticəsində 4.234.763 manat dəyərində əmtəəsiz əməliyyatların aparıldığı, tikinti-quraşdırma işlərində 688.028 manat dəyərində artıq vəsaitin icra olunduğu, 28.700 manat dəyərində yanacağın əsassız və artıq silindiyi müəyyən olunub. Bununla yanaşı, Xidmətin balansında olan əsas vəsait və mal-materiallara baxış zamanı sənədlərdə anbar qalığında göstərilən 448.325 manat dəyərində əsas vəsait və mal-material çatışmazlığı aşkar edilib.
Xidmət tərəfindən büdcə vəsaitinin təyinatının dəyişdirilməsi, vergi öhdəliklərinin tam icra edilməməsi, qeyri-qanuni və əsassız xərcləmələr kimi hallara da yol verildiyi müəyyən olunub.
Aşkar edilən hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimalı nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası tərəfindən auditin nəticələrinə dair müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb.