Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.
Heftelik.az-ın məlumatına görə, konfransda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd edib ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atılıb. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətin nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olunub. Bu mühüm addım ölkədə sabitliyin yaradılmasında mühüm amilə çevrilib. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalanıb. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyulub. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.
Daha sonra İqtisadiyyat üzrə fəlsəfə doktoru, Göyçay Dövlət Texnologiya Kollecinin müəllimi Nurməmməd Tağıyev, rayon ziyalısı Hakim Nəcəfov, Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin rəisi Pərviz Ədilov, “Azərsu” ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərov, Ucar Rayon İcra Hakimiyyəti Başçının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov çıxış edərək bildiriblər ki, Ümumilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsi imzalanıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə görülən işlər, siyasi və iqtisadi islahatlar, milli maraqların gerçəkləşməsi üçün qətiyyətli və ardıcıl mübarizə gələcəyimizə böyük inam və etibarlı təminat yaradır.