Leysan yağışları səbəbindən Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 17-i axşam saat 21 radələrindən başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.
Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü göstərib. 17-i axşam saatlarından başlayan leysan yağışları sentyabrın 18-i gecə saatlarına qədər davam edib. Rayonun Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Rayonun dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su həddən artıq artıb. Tala, Zilban və Bəkməz çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb.
Sel suları kənddə 100 çox sakini təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində sentyabrın 17-i axşam saatlarından elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayonun müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri ilə aparılır, dəymiş ziyanın miqyası hesablanır.
Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Rayonun Qabaqçöl qəsəbəsi ərazisinə dolu yağıb. Rayon mərkəzi, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Rayon bir çox yaşayış məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.
Rayonlarda qeyri-sabit hava şəraiti davam edir.