Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.
Heftelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlət başçısı deyib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.