Sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən zəruri olan tədbir – Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Təəssüflər olsun ki, İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınır. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son bir neçə ayda həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olub. Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurlar. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub, ya da ağır yaralanıb. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir haldır. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarındadır və bunu etmək ölkəmizin legitim hüququdur.
Sentyabrın 19-da Azərbaycan lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Qarşıda duran bütün vəzifələr lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı.
Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq təslim olduqlarını bildirən qanunsuz erməni silahlı birləşmələrinin sentyabrın 20-dən etbarən mövqelərdən çıxarılma və silahların təhvil verilmə prosesi başlandı. Artıq ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrini nəzarətə almağa başlayıblar.
Bu gün bölgədə yeni vəziyyətin yaranması labüddür. Bu ərazilərdə yaşayan ermənilər də separatçı rejimin əsarətndən qurtulmuş oldu. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.
Eyni zamanda Prezident İlham Əliyev bildirib ki, “onların bütün hüquqları təmin ediləcək – təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür”.
Ölkə başçısı qeyd etdi ki, cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilib, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur, indi də bu işlər sürətlə davam edir. Özü də bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb.
Müraciətinin sonunda Prezident İlham Əliyev bəyan etdi: “Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı