Separatçıların Qarabağdan çıxarılması və Yevlax görüşü reinteqrasiya prosesinin başlanğıcı deməkdir

Azərbaycan Ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilmək üçün hər zaman hazırdır. Azərbaycanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün qorunması, erməni separatçılarının torpaqlarımızdan çıxarılmasıdır. Azərbaycan onları dəfələrlə dialoqa dəvət etmişdir. Lakin separatçılar terror əməllərindən əl çəmək istəmirdilər. Buna görə də Azərbaycan sentyabrın 19-da Qarabağda lokal antiterror tədbirlərinə başlamışdır. Budan sonra ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti Qarabağ ermənilərinin nümayəndələrinin dialoqa çağırıldığını Blinkenin diqqətinə çatdırmışdır. Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Cənab Prezident vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan qələbəyə nail oldu. Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri ordumuzun gücü qarşısında tap gətirə bilmədi. Qarabağdakı separatçı ermənilər tərksilah edildi. Bu, müasir Azərbaycanın tarixinə yazılan növbəti Şanlı Zəfər oldu. Qürurlandırıcı haldır ki, məhz bu bir gündə də dünya azərbaycanlıları ayaqda oldu. Həmçinin 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyanatda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.

Ancaq təəssüflər olsun ki, bu siyasi və milli birlikdən növbəti dəfə imtina edən siyasi partiyalar oldu. Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə “trio” yenə də sadiq qaldı. Vətənsevər siyasi qüvvələrin Bəyanatına imza vurmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər. Bu partiyalar heç bir prosesdə iştirak etmirlər. Çünki bunlar yalnız öz maraqlarını düşünürlər. İndiyə kimi Vətən üçün heç bir addım atmayan partiyalar milli ola bilməz. Bunlara Vətən məsuliyyəti maraqlı deyil. Onlar siyasi maraqlarını kənara qoyub Vətənin ağır günüdə dövlətin, xalqın yanında olmalı idilər.

Amma hər zaman olduğu kimi vətəndaş cəmiyyəti fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Qərbi Azərbaycan İcması da rəsmi İrəvanı hərbi təxribatlara görə öz qınayan Bəyanat yaydı. Bəyanatda bildirilib ki, Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır: “Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 2023-cü il sentyabrın 19-da erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla, altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni hərbi birləşmələrinin bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki hərbi qulluqçu yaralanıb. Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir”.

Bəyanatda beynəlxalq ictimaiyyətə Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırış edilib.

Artıq budan sonra Qarübağda növbəti proseslər üçün geniş imkanlar yaranıb. Bunun da ən başlıcası Qarabağda reinteqrasiyaya prosesidir. Çünki Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrin mövcudluğu bu prosesə maneə olurdu. Separatçıların bölgədən çıxarılması və Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş bu prosesin başlanğıcı deməkdir.

 

Gülzar İbrahimova

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor