Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Möhtəşəm Zəfərə imza atan yenilməz Ordumuz sentyabr ayının 19-da ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi. Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadir olduqlarını bir daha sübut etdilər. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.
Çox qısa zaman ərzində – cəmi bir sutkadan da az vaxtda qələbə qazanmağı, qarşı tərəfi təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi. Ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını misli ilə aldı.
Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Məğlub və fərari ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı birləşmələr tərksilah edilmədi, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif silahlı təxribatlara əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə hərtərəfli dəstək göstərdilər və s. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki, Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”. Ölkə başçısı qeyd etdi ki, cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilib, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur, indi də bu işlər sürətlə davam edir. Özü də bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır.
Qeyd edilməlidir ki, son müddət ərzində bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur”.
Sentyabrın 19-u 13:00-da başlayan və sentyabrın 20-də eyni vaxtda bitən bu tədbirin nəticəsində Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir.
Həmçinin erməni icması reinteqrasiya məsələlərini müzakirə etmək üçün sentyabrın 21-də Yevlaxa danışıqlara gəldilər. Bu Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir.
Nurlan Süleymanov
Hüquqşünas