Müzəffər Azərbaycan Ordusu az müddətdə Qarabağda qanunsuz erməni hərbi qüvvələrinin bütün istiqamətlərdə müdafiə xəttini yararaq qələbə qazanıb
Son zamanlar Azərbaycanın Qarabağ bölgəsində gərginlik artmışdır. Qarabağdakı separatçı erməni hərbi birləşmələri məqsədli şəkildə Azərbaycana qarşı terror siyasəti yürüdürdülər. Xüsusən, son bir neçə ayda Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv şəkildə müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulurdu. Həmçinin bu bölgənin minalanması davam etdirilirdi. Bundan başqa Ermənistan ordusu döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayını artırmağa çalışırdı. Bütün bunlar gərginliyin daha da artmasına səbəb olmuşdur. Azərbaycan Ordusu bu kimi qanunsuz fəaliyyətlərə qarşı cavab verirdi. Eyni zamanda Ermənistan rəhbərliyinə bu fəaliyyətlərin dayandırılması ilə bağlı xəbərdarlıq edilirdi. Lakin Ermənistan tərəfi normallaşma prosesinə mane olaraq Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam etdirirdi. Belə ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz buna cavab olaraq Azərbaycan Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlamışdır. Bunda məqsəd ermənilərə məxsus qanunsuz hərbi infrastrukturu zərərsizləşdirmək idi. Yeri gəlmişkən, antiterror tədbirlərindən öncə yerli erməni əhalisinə terrorla mübarizə tədbirləri barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilmişdir. Həmçinin Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə videosüjet vasitəsi ilə çağırış edilmişdir. Süjetdə bildirilir ki, qonşu Rusiya və Gürcüstanda azərbaycanlılar və ermənilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar, hətta ortaq iş aparırlar, bu isə onların bir-birlərinə etibar etdiyini göstərir: “Bu gün bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, bizim və ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var. Baxın, Qarabağda həyatın, infrastrukturun bərpası hansı sürətlə gedir, yollar, zavodlar, yaşayış binaları, məktəblər tikilir. Bunu Qukasyan, Saakyan, Arutyunyan kimi bir dəstə qəsbkarın 30 il ərzində bu torpağı necə qarət etməsi ilə müqayisə edin. Bu onilliklər ərzində özləri və ailələri üçün villalardan başqa nə tikiblər?!”.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar məlumat yaymışdır. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib, lakin onlar hər dəfə bundan imtina ediblər: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır”.
Və Azərbaycanın dediyi və istədiyi oldu. Ermənilər bütün şərtləri qəbul etdilər. Müzəffər Azərbaycan Ordusu az müddətdə Qarabağda qanunsuz qüvvələrinin bütün istiqamətlərdə müdafiə xəttini yardı. Ermənilər bir gün keçməmiş ağ bayraq qaldıraraq təslim oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus saysız sığınacaq və döyüş texnikası məhv edildi. Müdafiə Nazirliyinin məlumatlına əsasən Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Bu gün Azərbaycanın mövcudluğu ermənilərin məğlubiyyətidir. Və bu zaman Azərbaycanın başında duran Ali Baş Komandan və bu sərkərdənin arxasında dayanan böyük Azərbaycan xalqı var.
Səyavuş Qasımov
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent