Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank demontaj olunaraq ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

Heftelik.az məlumatına görə, hazırda texnika nümayiş olunması üçün parkda yerləşdirilir.

Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika oradan götürülüb.

Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər.

Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.