Biz yerdəki humanitar ehtiyacların ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə, həmçinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev bildirib ki, Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün əlavə tibbi heyətlə gücləndirilib.

“Xüsusilə də yanıq müalicəsi üçün dərmanlar və digər tibbi heyət göndərilib. Əlavə olaraq qida yardımı çatdırılıb. Bu, bu gün də, həmçinin qarşıdakı günlərdə də davam etdiriləcək”, – Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi əlavə edib ki, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması üçün Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.

Prezidentin köməkçisi onu da bildirib ki, hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması məqsədilə BQXK-nın əraziyə müstəsna giriş imkanının təmin edilməsi üzərində iş aparılır.