İnventarizasiya aparılan zaman daxil olan ehtiyatlar maddi-məsul şəxsin və inventarizasiya komissiyasının üzvlərinin iştirakı ilə qəbul olunur və inventarizasiyadan sonrakı hesabata daxil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Bu kimi ehtiyatlar inventarizasiya siyahısında «İnventarizasiya zamanı daxil olmuş ehtiyatlar» adı ilə ayrıca göstərilir. Siyahıda daxilolma tarixi, malgöndərənin adı, mədaxil sənədinin tarixi və nömrəsi, ehtiyatların adı, miqdarı, qiyməti və məbləği göstərilir. Eyni zamanda inventarizasiya komissiyası sədrinin (və yaxud onun tapşırığı ilə komissiya üzvünün) imzası ilə mədaxil sənədində siyahının tarixi göstərilməklə «inventarizasiyadan sonra» sözü qeyd edilir. Təşkilatda inventarizasiya uzun müddət davam etdikdə, istifadə üçün tələb olunan ehtiyatlar, qanunvericiliyə uyğun rəsmiləşdirilərək anbardan maddi-məsul şəxslərə inventarizasiya komissiyasının iştirakı ilə buraxılır və inventarizasiyadan sonrakı hesabata daxil edilir. Bu cür ehtiyatlar inventarizasiya siyahısında «İnventarizasiya zamanı buraxılmış ehtiyatlar» adı ilə ayrıca göstərilir. Həmin siyahılar analoji qaydada inventarizasiya zamanı daxil olan ehtiyatlar üzrə də tərtib edilir. İnventarizasiya komissiyası sədrinin və yaxud onun tapşırığı ilə komissiya üzvünün birinin imzası ilə məxaric sənədlərində qeydlər aparılır.