Xocalı qətliamında iştirak edən Vitali Balasanyan saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Vitali Balasanyanın hazırda Bakıya gətirildiyi bildirilir.
Vitali Balasanyan 1988-ci ildən Əsgərənda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, 1990-cı ildə Əsgəranda erməni quldur dəstələrinə komandir seçilib. 1998–1999-cu illərdə tanınmayan separatçı qurumun “Ordusu”-nun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə separatçı qurumun “müdafiə nazirinin müavini” olub. 2002-ci ildə “Arsax Qəhrəmanı” “adı”na layiq görülüb.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçiriblər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalıb. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150 nəfərin taleyi indi də məlum deyil.
Azərbaycan Milli Məclisinin (parlamenti) ötən illərdə Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərarda göstərilib ki, cinayətin təşkilatçıları Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri, keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Xocalıya hücum əməliyyatına Seyran Ohanyan, Yevgeni Nabokin, Valeri Mkrtçyan rəhbərlik edib.
Xocalı soyqırımında əli olan cinayətkarlar 366-cı alayda xidmət edən Slavik Arutunyan, Andrey İşxanyan, Sergey Beqlayran, Movses Akopyan, Qriqori Ksebkyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və digərləri olub.
Dinc əhalinin gülləbaran edilməsində erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valeri Qriqoryan və digərləri iştirak ediblər.
Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran daxili işlər şöbəsinin rəisi Mavrik Qukasyanın, onun müavini Şagen Barisqyanın, Dağlıq Qarabağda erməni Xalq Cəhbəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Köçəryanın və digər şəxslərin olduğu müəyyən edilib.