Paytaxt üzrə məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə uşaqların qəbulu ilə bağlı məlumat açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Heftelik.az-a verilən xəbərə görə, valideynlər övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün qeyd olunan yaş qrupları üzrə www.bq.edu.az saytı vasitəsilə növbəyə yazıla bilərlər.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada müraciət edərkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Müraciətlərin sorğuya çevrilməsi minimum 5 gündən sonra həyata keçirilir. Müraciət sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Onu da qeyd edək ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.