Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 27 sentyabr tarixli bəyanatına dair şərh verib.

XİN-dən Heftelik.az-a verilən məlumata görə, şərhdə bildirilib ki, Ermənistan XİN 27 sentyabr tarixli, 44 günlük Vətən müharibəsi, habelə müharibədən sonra görülən tədbirlər barədə beynəlxalq ictimaiyyəti yanlış yönləndirir.

Azərbaycan XİN Ermənistan XİN-nin 27 sentyabr tarixli, 44 günlük Vətən müharibəsi, habelə müharibədən sonra görülən tədbirlər barədə beynəlxalq ictimaiyyəti yanlış yönləndirən bəyanatını qətiyyətlə pisləyib:

“Ermənistan Xarici İşlər Nazirliyi bu bəyanatı ilə Azərbaycan ərazilərinin 30 ildən artıq hərbi təcavüzünə və işğalına, Azərbaycana qarşı törədilmiş kütləvi qırğınlara və insanlığa qarşı cinayətlərə görə məsuliyyətini açıq şəkildə inkar edərək saxta rəvayətlər yaymaqda davam edir.

Azərbaycanın Ermənistanın işğalına və təcavüzünə qarşı apardığı müharibə hər zaman ədalətli olub və bu ilin sentyabrında Azərbaycanın antiterror tədbirləri beynəlxalq hüququn bütün norma və prinsiplərinə açıq şəkildə zidd olaraq Azərbaycanda yerləşdirilmiş qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhlükəni legitim olaraq aradan qaldırıb.

Üstəlik, Ermənistan XİN-in yalanlarına zidd və Ermənistanın özündən fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb.

Azərbaycanın vəziyyəti siyasi-diplomatik vasitələrlə həll etmək istəməməsi ilə bağlı əsassız bəyanatlara gəlincə, Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, bu ölkə təkcə 30 illik işğal dövründə yox, həmçinin münaqişədən sonrakı dövrdə də bütün sülh səylərini heçə endirib.

Sentyabrın 21-də Ermənistan Baş naziri Nikol Paşinyanın mülki əhaliyə birbaşa təhlükə olmadığını bildirməsi fonunda Ermənistan XİN-in hər vəchlə yerli erməni əhalinin “etnik təmizləmə”yə məruz qalmasına dair məlumatlar yayması Ermənistanın siyasətinin və rəvayətlərinin nə qədər uyğunsuz və yalan olduğunu açıq şəkildə nümayiş etdirir.

Biz bir daha bildiririk ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur. Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq. Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir və Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır.

Biz Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq, lakin indi onlar üçün Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı”.