Bu gün vəfat edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq.
Heftelik.az-ın məlumatına görə, bu barədə Q.Paşayevanın qardaşı Hüseyn Paşayev bildirib.
O, qeyd edib ki, cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunda anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.
2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım edib.
Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub.
O, “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı şahidlərinin dilindən”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad” və “Səndən sonra” kitablarının müəllifidir.
24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib.