Qərbi Azərbaycandan – bugünkü Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, uca tanrı xalqımızın dualarını eşitdi, Prezident İlham Əliyevə kömək oldu ki, onun Ali Baş Komandanlığı ilə Azərbaycan silahlı qüvvələri müttəfiqlərimizin də siyasi mənəvi dəstəyi ilə 35 il işğal altında qalan torpaqlarımızı azad etdi, ilahə ədalət öz yerini tutdu: “Allah xalqımızın qarğış və lənətlərini bizə çox acılar yaşatmış erməni separatçılarının üzərinə yönəltdi ki, onlar Azərbaycandan köçmək qərarına gəldilər. Çünki gözlərimizə baxmağa üzləri yoxdur. Azərbaycan bu günlərdə öz tarixinin ən şanlı səhifələrini yazır, xalqımız özünün ən qürurlu günlərini yaşayır. Qələbəmizdə payı olan hər kəsə, partiyamız və seçicilərim adından dərin minnətdarlığımı bildirməklə yanaşı onu da özümə borc bilirəm qeyd edim ki, biz, bu günkü Ermənistan ərazisindən acımasızcasına, işgəncələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızı Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Həm də bunu bacardıqca tez etməliyik. Bir milyon azərbaycanlı qaçqını ermənilərin dağıtdığı şəhər və kəndlərimizi görməyən ermənipərəst dairələrə isə üzümü tutub deyirəm ki, bir gün bu ədalətsizliyinizə görə, bir gün sizlər də bu gün müdafiə etdiyiniz separatçılar kimi Allahın lənəti ilə üzləşib qəzəbinə gələcəksiniz”.