Hər bir bankda fövqəladə hallarda yaranan risklərin qarşısının alınması üçün və bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planı tərtib olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Planda fövqəladə halların təsnifləşdirilməsi, məsul şəxslərin səlahiyyətləri, risklərə qarşı tədbirlər, cəlb ediləcək kapital vəsaitlərinin mənbəyi, nüfuz riskindən qorunma siyasəti, bank əməliyyatlarının və fəaliyyət növlərinin əhəmiyyət dərəcəsi üzrə təsnifləşdirilməsi öz əksini tapmalıdır. Plana ən azı ildə bir dəfə yenidən baxılır və zərurət olduqda müvafiq dəyişikliklər edilir. Bankda risk hadisələr üzrə ehtimal olunan nəticələri faktiki nəticələrlə müqayisə etməklə fövqəladə hallar planında nəzərdə tutulmuş tədbirlərin adekvatlığının qiymətləndirilməsi üçün yoxlamalar (sınaq test) bankdaxili qaydalarla müəyyən edilmiş dövriliklə həyata keçirilməlidir.