Azərbaycan dövləti Cəbrayılda güclü bərpa-quruculuq işləri apararaq infrastrukturu yeniləyir
Birinci Qarabağ müharibəsinin acı nəticəsi olaraq Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində Cəbrayıl rayonu da erməni əsarətinə keçmişdir. Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon əhalisi isə məcburi köçkün düşmüşdür. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğaldan öncə Azərbaycanın digər rayonları kimi burada da həyat öz axarı ilə davam edirdi. Rayonun fiziki-coğrafi mövqeyinə və əlverişli iqtisadi imkanlarına uyğun olaraq geniş infrastruktur yaradılmışdır. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Təəssüf ki, işğaldan sonra Cəbrayıl rayonu da erməni vandalizminə məruz qalmışdır. Rayon ərazisindəki milli-mədəni abidələr, qəbiristanlıqlar dağıdılmışdır. Baxmayaraq ki, bu dağıntılar, erməni vandalizmi ilə bağlı rəsmi Bakı və ictimaiyyət nümayəndələri beynəlxalq aləmə car çəkirdi. Lakin Ermənistan Azərbaycanın bu çağırışlarına məhəl qoymayaraq öz vandalizm əməllərini davam etdirirdilər. Amma 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanı durdura bildirdi. Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl rayonu Vətən müharibəsində işğaldan ilk azad olunan rayondur. 4 oktyabr Azərbaycan xalqının yaddaşında Cəbrayılın işğaldan azad olunduğu gün kimi qalıb. Məhz 2020-ci ilin oktyabrın 4-də Prezident İlham Əliyev xalqa müraciət edərək Cəbrayılın işğaldan azad olunduğunu deyib: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”
Azərbaycan dövləti tərəfindən Cəbrayılın, eləcə də işğal altındakı digər rayonların azad olunması günü əbədiləşdirilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Bu tarixi Qələbə günlərinin əbədiləşdirilməsi həm də ərazi bütövlüyümüz uğurunda mübarizdə şəhid olanlara və qazilərə ehtiramın göstəricisidir. Bununla Azərbaycan dövləti öz hərbiçilərinə və şəhidlərinə diqqət göstərmiş olur. Bu, torpaq yolunda çəkilən əziyyətə verilən qiymət və qələbəmizin qeyd edilməsidir. Azərbaycan, həmçinin bu torpaqlarda dağıdılmış infrastrukturu bərpa edir. Ermənistan Cəbrayılda yuxarıda sadaladığımız bütün infrastrukturu sıradan çıxararaq məhv etmişdir. Lakin Azərbaycan burada güclü bərpa-quruculuq işləri apararaq infrastrukturu yeniləyir. Xüsusən, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar müəyyən olunub. Bu sənaye parkı Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli 1453 nömrəli Fərmanı ilə yaradılmışdır. Fərmanda deyildiyi kimi, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır”. Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Prezident İlham Əliyev Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra bura dəfələrlə səfər edib. Dövlətimizin başçısı Cəbrayıl rayonuna hər səfərində yeni-yeni idarə və sosial obyektlərin açılışında iştirak edib. Artıq Cəbrayılda həyat yenidən canlanır. Təsadüfi deyil ki, “Böyük qayıdış” elə məhz Cəbrayıldan başlamışdır.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent