Bu baxımdan Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin xüsusi əhəmiyyəti var

Ölkəmiz həm iqtisadi sahədə, həm də beynəlxalq müstəvidə öz mövqelərini gücləndirir. Beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlı mövcuddur. Qarşılıqlı maraqlar üzərində qurulan bu əməkdaşlıq effektiv nəticə verir. Məhz beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan bir sıra qlobalmiqyaslı tədbirlərə ev sahibliyi edir. Bu baxımdan oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin xüsusi əhəmiyyəti var. Onu da deyək belə bir tədbir Azərbaycanda ilk dəfə deyil təşkil edilir. Hələ 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Bu faktı Prezident İlham Əliyev Konqresin açılış mərasimindəki nitqində xatırladıb: “Əlli ildən sonra Konqres burada yenidən keçirilir. İlk olaraq, Konqresin Azərbaycanda təşkil edilməsi şərəfinə layiq görüldüyümüz üçün Beynəlxalq Astronavtika Federasiyasına dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, mütəmadi dəstəyə görə Beynəlxalq Astronavtika Akademiyasına və Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutuna təşəkkür edirəm”.

Göründüyü kimi, Azərbaycanın Sovet dövründə bu sahədə təcrübəsi olub. Eyni zamanda astronavtika sahəsi üzrə də beynəlxalq əməkdaşlıq olub. Tədbirdə mötəbər qonaqların da 50 il əvvəl Azərbaycada bu sahə ilə bağlı görülən işlərdən danışmaları diqqət çəkib. Məsələn, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) elm üzrə sabiq köməkçisi Tomas Zurbuxen Azərbaycanın 50 il əvvəl bu mötəbər tədbirə ev sahibliyi etdiyinə diqqət çəkərək deyib: “Mən İsveçrə dağlarında böyümüşəm və kosmosa dair baxdığım ilk televiziya şousu Amerika kapsulu ilə sovet kapsulunun birləşməsi ilə bağlı olub. Bu plan 50 il əvvəl məhz burada – Bakıda işlənib hazırlanıb”.

Konqresdə Çinin Kosmik Stansiyası “Tyanqonq”dan astronavtlarının videomüraciəti də maraqla qarşılanıb. Onlar çıxışlarında bildiriblər ki, Beynəlxalq Astronavtika Federasiyasının kosmik tədqiqata sadiq və bir olan icma daxilində dostluq üçün körpülərin aşılması kimi irsi var: “Bu il sonuncu dəfə yarım əsr bundan əvvəl – 1973-cü ildə keçirildikdən bəri Beynəlxalq Astronavtika Konqresi Bakıya qayıdır. 24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda müvəffəqiyyətlə keçirilib. Bu tarixi şəkildə gənc İlham Əliyev atasını Konqresdə müşayiət edir və onun kosmik tədqiqat sahəsində tanınmış mütəxəssislərlə fotosu çəkilir. Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərib”.

Elə məhz çinli astronavtlar Prezident İlham Əliyevə kiçik bir sürpriz ediblər. Belə ki, Cənab Prezidentin və Ulu Öndərin hələ də kosmosda olan şəkli Çinin “Tianqonq” kosmik stansiyasından nümayiş olunub. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin və oğlu İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Azərbaycan Prezidentinə təqdim edib.

Prezident İlham Əliyev çıxışında deyib ki, belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir: “Bu gün burada 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır”. Bakı Konqresi bəzi göstəriciləri əvvəlki konqreslərdən üstünlüyə malikdir. Bu tədbir təqdim edilən elmi məqalələrin sayına görə də ən önəmli konqreslərdən biridir. Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.

Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür. Bu 10 il ərzində Azərbaycan beynəlxalq kosmik əməkdaşlığı daha da gücləndirib və bu sahə üzrə bir sıra uğurlu addımlar atılıb. Cənab Prezidentin dediyi kimi, Azərbaycanda bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir.

Gülzar İbrahimova

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor