Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə Arkadi Qukasyan barəsində təqdimat təmin olunub və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bako Saakyan və David İşxanyan barəsində isə təqdimatlara məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılıb. Həmin şəxslər barəsində də təqdimatlar təmin edilib və 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər 3 şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanlaraq Bakıya gətirilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham verilib.