Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu yaradılıb.
Heftelik.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov mübafiq fərman imzalayıb.
Təbii ehtiyatlardan səmərəli istifadə olunması, mineral xammal bazasının bərpası, ətraf mühitin və yaşıllıqların mühafizəsinin təmin olunması məqsədilə yaradılan fondun əsasnaməsi də təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra Azər Zeynalov birinci müavin kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətini icra edib. Başqa sözlə, Naxçıvan Muxtar Respublikasında ən ali vəzifəli şəxs statusunda idi. Bu gün Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verib. Beləliklə, hazırda Anar İbrahimov Naxçıvan Muxtar Respublikasında ən ali vəzifəli şəxs statusundadır.