Rusiya sülhməramlıları kontingenti Ağdərədə, Əsgəran və Şuşa rayonlarında tərəflər arasında keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin bağlanmasını başa çatdırıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində bildirilib.
Qeyd olunub ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağdakı silahlı birləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması davam etdirilir. Oktyabrın 5-nə olan məlumata görə, 84 ədəd zirehli texnika, 121 ədəd avtomobil texnikası, 121 ədəd hava hücumundan müdafiə texnikası, 105 ədəd səhra artilleriya qurğusu, YARS və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı və tank əleyhinə silah, təxminən 58,5 milyon sursat təhvil verilib.
Rusiya Müdafiə Nazirliyinin bülletenində, həmçinin deyilir ki, silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə postları tərəfindən təşkil edilib.