Artıq bir ilə yaxındır ki, Mədəniyyət Nazirliyində təkrar kadr islahatları aparılıb, yeni təyinatlar olub. Yeni kadrların fəaliyyət istiqamətinə nəzər yetirdikdə və nazirlik tərəfindən həyata keçirilən bir sıra tədbirlərə göz gəzdirdikdə yeni heyətin nə qədər ehtiyatlı davrandığı hiss olunur.

Mədəniyyət sahəsində illərdən bəri qalan problemlər var. Vəzifədən gedən hər nazir, hər rəhbər işçi yerinə bir ətək problem qoyub. Onları həll etmək, bu çirklənmiş sahələrin palaz tozunu çırpıb, qapı-pəncərəsini açıb kif, rütubət iyini içərisindən qovmaq sizə asan gəlməsin.

Üstəlik mədəniyyət adamlarının da digər sahələrin subyektlərinə baxanda daha həssas olduqlarını nəzərə alsaq, nazirliyin yeni heyətinin üzərinə daha böyük məsuliyyət düşdüyünü qəbul etməliyik. Ən kiçik büdrəmə, nahaq hərəkət yeni mədəniyyət naziri Adil Kərimlini gördüyü kövrək işləri domino daşlarından yığılmış “ev” kimi dərhal dağıtmağa qadirdir.

Mədəniyyət Nazirliyinin yeni heyəti həm köhnələrin səhvlərini düzəltməli, həm də yeni imkanlar yaratmalıdırlar. Bu il ərzində ölkədə keçirilən, teatr, kino, ədəbiyyat, oktyabrda baş tutması planlaşdırılan musiqi forumları təqdirəlayiq addımlardır. Ümid edirik ki, bu forumların nəticəsi olaraq nazirlik nəhayət mədəniyyətin inkişaf strategiyasını hazırlayıb başa çıxacaq.

Ancaq nazirlik özündən əvvəl görülən işləri də danmamalı, görməzdən gəlməməlidir. Adil Kərimli əvvəlki nazirlərin dövründə həyata keçirilən bir sıra layihələri bəyənməyə, qəbul etməyə bilər, lakin həmin layihələrdəki qarşı tərəflərin hüquqlarını dana bilməz. Ola bilsin, indiki nazir sabiq Əbülfəs Qarayevin dövründə verilmiş “Qızıl kəlmə” ədəbi müsabiqəsini lağa qoysun, “Qızıl kələm” desin, onu yenisi ilə əvəzləməyə çalışsın, amma bu o demək deyil ki, həmən müsabiqənin qalibini də tanımamalıdır.

Rəhmətlik Asif Ata demiş, ağac ölür, meşə qalır. Mədəniyyət nazirləri, onların müavinləri, sektor müdirləri dəyişilə bilər, amma nazirlik yerində qalır! Nazirliyin yeni heyəti özlərindən əvvəl görülən işlərə görə də məsuliyyət daşımalı, öhdəliklərini yerinə yetirməlidir.

Amma biz nə görürük? Mədəniyyət Nazirliyi 2022-ci ilin aprel ayında keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək” layihəsinin nə qaliblərinin, nə də münsiflərinin mükafatlarını verir. Dilləndirəndə də deyirlər ki, bu müsabiqə bizdən əvvəl olub, həmən müsabiqənin bizə aidiyyəti yoxdur. Elə şey olur? Bu harada görülüb, hansı kitabda yazılıb?! Bu həm də münsiflər heyətində təmsil olunan Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artisti Şamil Süleymanov, tanımış kinorejissor Oleq Səfərəliyev və Asif Rüstəmov, prodüserlər İradə Bağırzadə və Nadir Əliyev kimi mədəniyyət xadimlərinə hörmətsizlikdir. Onların rəylərinə və qərarlarına kölgə salmaq, dolayısı ilə onların haqlarını kəsmək olmaz, yeri gəlmişkən, heç başqalarının da…

Layihənin qalibi olan mükafatçılar da, münsiflər də mətbuata açıqlama verərək, şikayətlərini bildiriblər, amma hələ də nəticə yoxdur. Nazirlik qətiyyətlə beş-on nəfərin haqqını kəsməkdə israr gəstərir! Özüdə 7 proyektə cəmi 250.000 manat mükafat.

Əlbəttə, biz də başa düşürük ki, o müsabiqənin indiki nazir Adil Kərimliyə aidiyyəti yoxdur, heç onun sələfi Anar Kərimova da aidiyyəti olmayıb. Həmin müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məhsuludur, dəri kresloda oturub gözlərini kompüterin mavi ekranında yorulanda, Xəzərin mavi sularında dincəldən hansısa məmurun deyil. Necə ki, bu yaxınlarda Bakıda keçiriləcək Caz Festivalını Adil Kərimli öz cibindən keçirmir, Mədəniyyət Nazirliyi təşkil edir. Necə ki, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun 43-cü sessiyası Əbülfəs Qarayevin adı ilə bağlı deyildi. Əbülfəs Qarayev artıq yoxdur, amma bu ehtişamlı tədbir hələ də Azərbaycan Mədəniyyət Nazirliyinin aktivinə yazılır.

Bu bilirsinizmi, nə deməkdir? Qos-qoca qurum müsabiqə keçirib, nəticələr elan olunub, lakin onlarla münsifin, qalibin pul mükafatı verilmir. Onlar nazirlikdən narazı salınır. Bu nə cür qaydadır, əfəndilər, xanımlar? Belə olan halda sizin sabah keçirəcəyiniz müsabiqələrin etibarlılığına necə inanaq? Necə əmin olaq ki, sizin indiki keçirdiyiniz forumların nəticəsi sabah gələn növbəti nazir tərəfindən ləğv edilməyəcək? Axı inam həm də müntəzəmlilik, qalıcılıq deməkdir.

Bir dəstə kino adamının haqlı tələbini həll etməkdən boyun qaçıran, qaliblərin HALAL mükafatını, münsiflərin HALAL əmək haqqını verməkdən imtina edən nazirlik çətin ki, ictimaiyyətin gözləntilərini doğrulda, bundan sonra nəsə etibarlı, mədəniyyətimizə və cəmiyyətimizə faydalı bir iş görə.

Səd heyf!